“Azeri Light” markalı nefti daşıyan ikinci tanker bu gün Odessa limanına çatıb. Bu barədə “İnterfaks-Qərb” agentliyinə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko məlumat verib.
“Səhər saatlarından Odessada tankerin boşaldılmasına başlanılıb. Martın sonunadək neft Mozırsk NEZ-ə nəql olunacaq”, - deyə o bildirib.
SOCAR martın 22-də Supsadan ikinci partiya Azərbaycan neftini “Belneftexim” konserninə göndərib. "Beləliklə, şirkət “Belneftexim”lə bağlanmış sazişdə nəzərdə tutulan bütün nəqli həyata keçirib”, - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O, Belarus tərəfi ilə yeni nəqllə bağlı danışıqların aparılıb-aparılmadığı barədə açıqlama verməyib.
Xəbər verildiyi kimi, “SOCAR Trading” mart ayında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 250 min tona yaxın 3 partiya neft nəql edəcək. Martın 12-də Ceyhan limanından 90 min ton “Azeri Light” markalı, martın 15-də isə Novorossiysk limanından 80 min ton “Urals” markalı neftlə dolu tankerlər Odessa limanında qəbul edilib. Bu gün Supsa limanından 80 min ton “Azeri light” markalı neft tankeri daxil olub. Neft Odessa-Brodı boru kəməri, daha sonra isə Broda-Mozır marşrutu ilə Mozır neft emalı zavoduna nəql olunacaq.
“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.*