Prezident İlham Əliyev bu gün Hövsan yaşayış kompleksinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Yaşayış kompleksinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilib.
“MİDA” MMC 2017-ci ilin fevral ayında Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən 20 hektarlıq torpaq sahəsi alıb. Yaşayış kompleksinin tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi Zığ-Aeroport avtomagistralı ilə Hövsan qəsəbəsi arasında yerləşir.
Yaşayış kompleksi 11 yaşayış binasından ibarətdir. Bunlardan yeddisi 7 mərtəbəli on səkkiz girişli, dördü isə 10 mərtəbəli bir girişlidir.
Bu binalarda, ümumilikdə, 3002 mənzil var ki, onlardan 280-i birotaqlı, 1481-i ikiotaqlı, 940-ı üçotaqlı, 301-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Bundan başqa, kompleksdə sosial infrastruktur obyektləri də inşa olunub. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik ümumtəhsil məktəbi, ticarət mərkəzi və xəstəxana tikilib.*
B.Rüstəmbəyov