Azərbaycanda 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb. Virusa yoluxanlardan biri ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Qeyd olunan şəxslərdən 1 nəfər yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər karantinə götürülüblər”, - deyə məlumatda bildirilir.
Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 93 nəfərə çatıb.
Qərargahın məlumatına görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Hazırda 2914 nəfər karantindədir.
Xatırladaq ki, koronavirusa yoluxmuş 10 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 1 qadın isə dünyasını dəyişib.*
N.Abbasova