Martın 26-dan etibarən "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) beynəlxalq istiqamətlər üzrə yalnız Moskva və Londona uçuşlar yerinə yetirəcək.
“Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə). Bakı-London marşrutu üzrə reys həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcək, Bakıdan uçuş vaxtı – 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı – 22:05 (London vaxtı ilə)”, - “İnterfaks-Azərbaycan”a aviaşirkətdən məlumat verilir.
Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə etmək mümkündür (www.azal.az).
“Xüsusilə qeyd etmək istərdik ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir”, - AZAL-dan vurğulanır.
Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan / yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.
“Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçirilir və karantinə yerləşdirilir”, - aviaşirkətdən qeyd olunur. **
B.Rüstəmbəyov