Cümə günü Azərbaycanın Qazax rayonunun yaşayış məntəqələri iki ölkənin sərhədində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
“27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulmuşdur”, - məlumatda deyilir.
DSX-nin məlumatına əsasən, erməni təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.
“Hazırda vəziyyət sərhəd zastavalarının nəzarəti altındadır”, - DSX-dən vurğulanır. **
X.Nəsirzadə