Azərbaycanda daha 17 nəfərdə COVID-19 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, onlardan bir nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet ilə xəstəxanaya daxil olub. Pasiyentdən koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb”, - Qərargahdan bildirilir.
“Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür”, - məlumatda deyilir.
Beləliklə, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 182 nəfərə çatıb.
Məlumata əsasən, Azərbaycanda xüsusi rejimli xəstəxanalarda yerləşdirilən 163 nəfər müalicə alır. Onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Daha 15 nəfər sağalaraq evə buraxılıb, 4 nəfər dünyasını dəyşib.
Ötən dövr ərzində Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb. **
Ə.Məmmədov