Azərbaycan prezidenti İlham Əliyev əhalini koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan karantin tədbirlərinə ciddi yanaşmağa çağırıb.
“Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Onlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək”, - İ.Əliyev şənbə günü “Yeni klinika” tibb müəssisəsinin açılışında xəstəxananın kollektivi ilə görüşü zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, həyata keçirilən preventiv tədbirlər nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.
“Biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir”, - Azərbaycan prezidenti qeyd edib.
Əliyev bildirib ki, ölkə Ümumdünya Səhiyyə Təşkilatı ilə fəıal əməkdaşlıq edir, ÜST Azərbaycanın həyata keçirdiyi işi yüksək qiymətləndirir.
“Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir”, - dövlət başçısı əlavə edib.
Xəbər verildiyi kimi, martın 29-dan Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir. Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.
Qərargahın məlumatına görə, 29 mart saat 00:00-dan bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Bundan başqa, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.**
Ə.Məmmədov