2020-ci ilin yanvar ayı ərzində Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 4 milyon 294,7 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,%% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 1 milyon 92,5 min ton yük və ya bütün yükdaşımaların 25,4%-i dəmir yolu nəqliyyatı (2019-cu ilin yanvar ayı ilə müqayisədə artım 14,1% - İF), 2 milyon 805,1 min tonu və ya 65,4%-i avtomobil nəqliyyatı (artım 4,5%), 396,4 min tonu və ya 9,2%-i dəniz nəqliyyatının (azalma 7,1%) payına düşüb.
2019-cu ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük, o cümlədən 8 milyon 77,2 min ton (15,3%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova