Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) koronavirus infeksiyasının biznes mühitə mənfi təsirinin azaldılmasına dair təkliflərini hökumətə təqdim edib.
Konfederasiyadan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, təkliflər paketi bütün sahibkarlıq sahələrini əhatə edir.
Təkliflər paketinə geniş vergi güzəştlərinin verilməsi, bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması, sahibkarların aldığı kreditlər üzrə bank faizlərinin müəyyən müddət üçün hesablanmaması, əsas borc üzrə ödənişlərin ertələnməsi, icarə haqqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən subsidiyalaşdırılması, su, elektrik enerjisi, qaz və digər kommunal ödənişlərə güzəştlərin tətbiq edilməsi və ödənişlərin təxirə salınması, işəgötürənlərə, işçilərə dövlət dəstəyinin göstərilməsi daxildir.
ASK-dan bildiriblər ki, bu təkliflər hökumətdə yaradılmış 4 İşçi Qrup tərəfindən müzakirə olunacaq.
Xatırladaq ki, prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat (cari məzənnə ilə $588,2 milyon) ayrılacaq.
Bu vəsait yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Sərəncama əsasən, pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün iqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılıb.
İşçi Qrup 15 gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etməli, pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən etməlidir.
Bundan başqa, Azərbaycan Respublikasında fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə maliyyə nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılıb. İşçi Qrup 25 gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan biznes subyektlərinə (ayrı-ayrı sahələr üzrə) dövlət dəstəyinin göstərilməsi barədə təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılıb.
Pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə İşçi Qrup yaradılıb.
İşçi Qrup iki ay müddətində pandemiyanın ölkənin bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirməli, biznesin qorunmasına dair təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün tədbirlər, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün əlavə tədbirlər həyata keçirməlidir.*
B.Rüstəmbəyov