Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması haqqında” qanun layihəsi qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə yaz çağırışı 2020-ci il aprelin 1-dən 30-dək həyata keçirilir. Lakin koronavirusla əlaqədar çağırış müddəti mayın 31-dək uzadılıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu addım Azərbaycan Silahlı Qüvvələrində koronavirusun yayılmasının qarşısının alınmasına xidmət edir.
Parlamentin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov isə ölkədə həqiqi hərbi xidmətə çağırışın 4 dəfə deyil, 2 dəfə - yaz və payızda keçirilməsini təklif edib. Çünki bu addım müxtəlif təşkilati məsələləri yüngülləşdirəcək. Bundan başqa, S.Novruzov iki uşağı olan şəxslərin orduya çağırılmamasını təklif edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 və daha artıq uşağı olan şəxslər hərbi xidmətə çağırılmırlar.*
Ə.Məmmədov