Rusiya koronavirusun diaqnostikası üçün Azərbaycana 70 dəst test sistemi verib.
“Dünyada koronavirusun yayılması ilə bağlı yaranan əlverişsiz vəziyyət fonunda Rusiya tərəfdaş ölkələrə xəstəliyin diaqnostikası ilə bağlı mümkün qədər maksimum köməklik göstərməyə çalışır. Bununla əlaqədar olaraq Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti 13 dövlətə 100 mindən çox tədqiqat üçün test sistemləri verib”, - deyə Rusiyanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.
“Azərbaycanla səhiyyə sahəsində sıx əməkdaşlığa xüsusi əhəmiyyət veririk. İki qonşu dövlətin ərazisində yeni növ koronavirusun yayılması ilə mübarizənin səmərəliliyini artırmaq üçün Rusiya tərəfi mart ayının əvvəlindən Azərbaycan Səhiyyə Nazirliyinə qarşılıqsız əsaslarla COVID-19-un laboratoriya diaqnostikası üçün 70 dəst test sistemi verib", - deyə məlumatda qeyd olunur.
Diplomatik missiya əmindir ki, “Rusiya və Azərbaycanın əhalinin sağlamlığını və rifahını qorumaq üçün göstərdiyi səylər, həmçinin koronavirus pandemiyası və onun nəticələrinin aradan qaldırılması üzrə addımların gələcək koordinasiyası bu ümumi yeni çağırışa qarşı mübarizədə region ölkələrinin kollektiv potensialının möhkəmlənməsinə xidmət edəcək.*
A.Əzizov