29 fevral 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 33 milyard 195,9 milyon manat təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, yanvar-fevral aylarında bankların aktivləri 1,4% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 15 milyard 299,1 milyon manat (artım 2,7% - İF) təşkil edir.
2020-ci il fevral ayının 29-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 691 milyon manat (artım 2,3%) təşkil edir.
Martın əvvəlinə bankların öhdəlikləri 28 milyard 504,9 milyon manata (artım 1,3%) bərabərdir. Həmçinin, bankın AMB qarşısında öhdəlikləri 348,1 milyon manat həcmində qiymətləndirilir (artım 6,7%).
Fevralın sonuna banklarda depozit portfeli 21 milyard 790,7 milyon manat təşkil edir (artım 2,2%).
Tənzimləyicinin məlumatına görə, yanvar-fevralda Azərbaycanda bankların ümumi xalis mənfəəti 97,9 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstərici ilə müqayisədə 99% çoxdur.
Yanvar-fevralda bankların faiz gəlirləri 334 milyon manat (2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə artım 4,6% - İF), o cümlədən verilmiş kreditlər üzrə 264,2 milyon manat (artım 16,4%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 109,9 milyon manat (artım 10,8%) məbləğində olub.
Hesabat dövründə bankların faiz xərcləri 92,4 milyon manat (azalma 4%), o cümlədən depozitlər üzrə 64,9 milyon manat (artım 5,7%), qeyri-faiz xərcləri 193,8 milyon manat (artım 18%) təşkil edib.
Yanvar-fevralın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 146,2 milyon manat (artım 28,6%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 30,4 milyon manat (azalma 45,1%) yönəldib.
Nəticədə 29 fevral 2020-ci il tarixinə bankların vergi ödənilənədək ümumi mənfəəti 115,8 milyon manat (2019-cu ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə artım 91,7%) məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişləri 17,9 milyon manat (artım 59,8%) təşkil edib.
29 fevral 2020-ci il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
Fevralın sonuna bankların 507 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,4%) və 127 şöbəsi var (azalma 4,5%).
Azərbaycanın bank sektorunda 19,757 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,5% - İF) çalışır.**
Ə.Məmmədov