Azərbaycanda daha 24 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“Bundann başqa, COVID-19 koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat etmişdir. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülüb», - məlumatda qeyd olunur.
Bildirilir ki, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 298 nəfərə çatıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4,602 min nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Həımçinin, Qərargahdan qeyd olunur ki, Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir. Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır.
Bununla əlaqədar, Qərargah əhalidən xahiş edir ki, “evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər”, - bəyanatda vurğulanır. **
N.Abbasova