Gəlirlərin azalması Azərbaycanda dövlət büdcəsinin icrasına təsir etməməlidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu koronavirus pandemiyası bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır”, - Əliyev bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edrəkən bildirib.
Əliyev bəyan edib ki, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir.
“Bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq”, - Azərbaycan prezidenti əlavə edib.**
Ə.Məmədov