Azərbaycan martın 31-dən etibarən Rusiyadan vətənə gəlmək istəyən vətəndaşların Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən hər həftənin şənbə günləri keçidini həyata keçirəcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“Qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb. Vətəndaşların qarşılıqlı şəkildə qəbulu məqsədilə iki ölkənin quru sərhədi boyunca Samur sərhəd-keçid məntəqəsi məhdudlaşdırıcı rejimdə və müəyyən olunmuş qrafik çərçivəsində fəaliyyət göstərir», - Qərargahın məlumatında deyilir.
Həmçinin Azərbaycan və Rusiya arasında sərhəd-keçid məntəqələri vasitəsilə Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri daxil olmaqdadır.
“Azərbaycan və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən 31 mart 2020-ci il tarixindən etibarən Rusiya Federasiyasından Azərbaycana səfər edənAzərbaycan Respublikası vətəndaşlarının Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən müvəqqəti olaraq hər həftənin şənbə günləri müəyyən olunmuş vaxtda keçidi həyata keçiriləcək”, - məlumatda vurğulanır.
Məlumata əsasən, sərhədi keçən vətəndaşlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı zonada yaradılmış səhra karantin zonalarında 14-21 və ya 21-28 günlük karantin rejiminə yerləşdirilirlər.
“Xaricdə olan vətəndaşların Azərbaycana qayıtması müəyyən olunmuş karantin məntəqələrinin qəbuletmə imkanları və ölkə daxilində karantinə alınmış şəxslərin say nisbəti nəzərə alınaraq tənzimlənir”, - məlumatda vurğulanır. **
N.Abbasova