Ermənistanın hazırki hökumətinin siyasəti regiondakı vəziyyəti pozur. Rusiyalı politoloqlar belə hesab edirlər.
“Müasir dünyanın qəbul edilməsi dəyişir. Yeni çağırışlar və təhdidlər kollektiv şəklində cavab və ən əsası, əvvəlki ehkamlardan imtinanı tələb edir. Hesab edirəm ki, müasir şəraitdə dövlət suverenliyi və dövlət sərhədlərinin möhkəmliyi daimi dəyərlərdir. Azərbaycan ərazilərinin 20%-dən çoxunun Ermənistan tərəfindən işğal edilməsi BMT səviyyəsində qəbul edilib və BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi var. Hesab edirəm ki, hazırki şəraitdə qəbul etməliyik ki, beynəlxalq birliyin şüurlu hissəsi bu əsas, başlıca sənədlərin reallaşdırılmasının tərəfdarıdır. Həmin sənədlər əsasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mümkündür”, - hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Koronavirus pandemiyası Rusiyanın Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərini necə dəyişəcək?” mövzusunda onlayn konfransda bildirib.
Onun sözlərinə görə, əfsuslar olsun ki, Ermənistanda hazırki baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə “Qarabağ nizamlanmasında real irəliləyiş əldə etməyə dair qətiyyən heç bir, hətta cəhd belə yoxdur”. “Məsuliyyətsiz siyasi demaqoqluq, boşboğazlığa yer verilir. Bir daha təkrar edə bilərəm, Paşinyan – Ermənistanın Navalnısıdır. Bu şəxslər konstruktiv fəaliyyətə qadir deyillər. Heç olmazsa, görürdük ki, Serj Sarkisyan tərəfindən nizamlanma cəhdləri olurdu – KİV-də bu barədə məlumatlar sızılırdı”, - o qeyd edib.
Korotenko vurğulayıb ki, “Paşinyanın simasında Soros və ABŞ səfirliyinin dəstəyi ilə İrəvanda hakimiyyətə gələn və konstruktiv dialoqa qadir olmayan müxalifətçinin fəaliyyətini görürük”.
Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov öz növbəsində əlavə edib ki, hazırki COVİD-19 koronavirus pandemiyası şəraitində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda irəliləyiş ğözləməyə dəyməz, lakin böhran bitdikdən sonra bu baş verəcək.
“Burada mexanizm belədir ki, pandemiya ilə mübarizə müxtəlif ölkələrin, həmçinin Ermənistanın iqtisadiyyatlarına güclü zərbə vuracaq, bu səbəbdən həmin dövrdə bu ölkənin rəhbərliyi üçün təcridin aradan qaldırılmasının əhəmiyyəti pandemiyadan əvvəl olduğundan daha yüksək səviyyədə olacaq”, - Markov belə hesab edir.
Onun sözlərinə görə, “Kazan formulası” üzrə Azərbaycanın əsas təklifi olan təcridin aradan qaldırılması Ermənistanda böhran şəraitində aktuallıq qazanacaq.
Müzakirələr zamanı Korotçenko qeyd edib ki, Ermənistan iqtisadiyyatı “təhlükəsizlik yastığına malik deyil, insanların həyatı mühüm dərəcədə çətinləşəcək və bu yeni qeyri-sabitliyə gətirəcək”. Ekspert hesab edir ki, kənardan müdaxilə olmadan Ermənistan iqtisadiyyatında durğunluq olacaq.
“Belə olan şəraitdə Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə həyata keçirdiyi iqtisadi islahatlar ölkəyə bu ağır sınaqlardan (pandemiya böhranı - İF) uğurla keçməyə imkan verir. Bu şəraitdə, durğunluq mərhələsində olan Ermənistan elitası qarşısında millət kimi sağ qalmaq məsələsi duracaq, əks halda iqtisadiyyat öz qalıqları altında bütün cəmiyyəti xaosa qərq edəcək, Dağlıq Qarabağ münaqişəsini həll etmədən 21-ci əsrin “izqoy” dövləti olacaq. Ermənistan Azərbaycanla konkret dialoqa getməlidir, bu dialoq Azərbaycanın nəzarəti altına qayıdacaq işğal olunmuş rayonlara həyat gətirəcək və nə qədər paradoksal görünsə belə, Ermənistanın özünün iqtisadiyyatına həyat gətirəcək”, - Korotçenko vurğulayıb.
Markov dialoqun davamında əlavə edib ki, Azərbaycan koronavirus şəraitində ölkə iqtisadiyyatının dəstəklənməsi çərçivəsində 1 milyard manat ayırıb. “Əlbəttə ki, Ermənistanda bu imkan yoxdur, müttəfiqi olan Rusiyada da yardım etmək üçün imkan yoxdur, çünki ozlərinə yardım etməyə məcburdur”. **
X.Nəsirzadə