Azərbaycan 2020-ci ilin yanvar ayında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 945,18 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 16,9% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Yanvar ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 15,78%-i Azərbaycanın payına düşüb.
Yanvar ayında Türkiyəyə 5 milyard 988,78 milyon kubmetr (2019-cu ilin yanvar ayı ilə müqayisədə artım 3,07%) qaz ixrac edilib. 3 milyard 859,44 milyon kubmetr boru kəməri qazının (ixracın 64,4%-i), 2 milyard 129,34 milyon kubmetr (35,6%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.
Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova