Azərbaycan hökuməti əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitini 400 KVt/saata çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Nazirlik əhali qrupu üçün elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı hazırlayıb. Proqrama əsasən, elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt/saat artırılması təklif olunur”, - deyə məlumatda bildirilir.
Hazırda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 300 KVt/saat təşkil edir. 1 KVt/saat elektrik enerjisinin dəyəri 0,07 manatdır. 300 KVt/saatlıq limitdən artıq istifadə olunan elektrik enerjisinin hər 1 KVt/saatına görə tarif isə 0,11 manatdır.
Beləliklə, əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 400 kVt/saat təşkil edəcək.
Nazirliyin məlumatına görə, bu tədbirlər prezident İlham Əliyevin “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının icrası çərçivəsində hazırlanıb.*
N.Abbasova