SOCAR şirkəti aprelin 10-dan etibarən dəniz obyektlərində növbətçilik qrafikini dəyişəcək. Bunu şirkətin prezidenti Rövnəq Abdullayev deyib.
Cümə axşamı R.Abdullayev Neft Daşlarına səfər edib. Bu barədə SOCAR-dan məlumat verilir.
“Uzadılmış növbə rejiminin nə qədər çətin olduğunu mən bilirəm. Xüsusilə özüllərdə 15 gündən artıq qalmaq çox çətindir. Gündə 400 işçi dəniz obyektlərinə işə gətirilir. Karantin keçməmiş və virusa yoluxmuş (koronavirusa - İF) bir nəfər də çox böyük risk idi. Amma indi biz artıq bütün hazırlıqları gördük və ayın 10 dan başlayaraq növbələr tədricən dəyişiləcək”, - şirkət R.Abdullayevin sözlərindən sitat gətirir.
Məlumatda qeyd olunur ki, SOCAR-ın dəniz obyektlərində növbə metodlu iş rejimi ilə çalışan işçilərinin iş qrafiklərində dəyişiklik edilərək, 15 günlük iş rejimi ilkin olaraq 1 ay müddəti ilə əvəz edilib, daha sonra isə 2 aylıq iş rejimi müəyyən edilib.
“SOCAR-ın fəaliyyət sahələrində, o cümlədən dəniz obyektlərində istehsalat əməliyyatları tam gücü ilə davam edir», - məlumatda vurğulanır. **
N.Abbasova