Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərar qəbul edib.
Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
- mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
- İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;
- dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;
- dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);
- dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
- hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
- kütləvi informasiya vasitələrinin əməkdaşları;
- Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:
- dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları. Aprelin 20-dək Azərbaycanda COVİD-19 koronavirusa görə xüsusi karantin rejimi tətbiq olunur.
Aprelin 2-nə Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfər təşkil edir. Eyni zamanda, onlardan 369 nəfər hazırda xüsusi rejimli müəssisələrdə müalicə alır, 26 nəfər sağalıb, 5 nəfər dünyasını dəyişib. **
X.Nəsirzadə