Asiya İnkişaf Bankı (AİB) 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsirini ÜDM-nin 3,4%-i səviyyəsində proqnozlaşdırır.
“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertləri də daxil olmaqla dövlət büdcəsinin kəsiri 2020-ci ildə ÜDM-nin 3,4%-dək artacaq (2019-cu ildə ÜDM-nin 0,25%-i – İF), çünki sosial xərclərin artması və dövlət investisiyaları ümumi xərcləri 10,2% artırır", - deyə AİB-in bu gün dərc olunmuş “Asian Development Outlook 2020” icmalında bildirilir.
AİB-in analitiklərinin hesablamalarına görə, ARDNF-in transfertləri nəzərə alınmadan kəsir ÜDM-nin 17,2%-ni təşkil edəcək.
“Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının makroiqtisadi sabitliyə, əmək bazarı və sahibkarlığa təsirinin yumşaldılması məqsədilə büdcədən 1 milyard manat ayırıb. 2020-ci ildə büdcə gəlirləri ARDNF-in transfertləri də daxil olmaqla və 1 barrel neftin qiyməti 55 dollardan hesablanmaqla ÜDM-nin 29,4%-i səviyyəsində proqnozlaşdırılmışdı. Əgər neftin 2020-ci ilin mart ayında müəyyən edilmiş qiyməti ilin sonunadək saxlanılarsa, faktiki gəlirlər az ola bilər. Vergi Məcəlləsində vergi yığımlarının artırılmasını nəzərdə tutan dəyişikliklərlə ARDNF-dən transfertlərin 2020-ci ildə gəlirlərin 47%-ni, 2021-ci ildə isə 45%-ni təmin edəcəyi nəzərdə tutulurdu. Hökumət proqnozlaşdırırdı ki, ARDNF 2020-ci ildə neft ixracından $12,4 milyard əldə edəcək, bu məbləğin 91%-i büdcəyə köçürüləcək (transfert şəklində)”, - deyə icmalda qeyd olunur.
Bankda, həmçinin hesab edirlər ki, daha yüksək artım templəri və 2018-ci ildə qəbul edilmiş borcları idarəetmə siyasəti nəzərə alınmaqla hökumət dövlət və zəmanətli xarici borcun ümumi həcmini 2025-ci ilədək ÜDM-nin 11%-dək azaltmağı nəzərdə tutur.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri üzrə proqnoz 26 milyard 894,7 milyon manat təşkil edir, büdcə kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov