Britaniyanın “Anglo Asian Mining” şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) Azərbaycan bankları ilə $20 milyonadək məbləğdə ehtiyat kredit xəttinin açılması mümkünlüyünü müzakirə edir. Bu barədə şirkətin məlumatında deyilir.
"Koronavirus bütün dünyada bir çox şirkətlər kimi, “Anglo Asian Mining” şirkətinin fəaliyyətinə də təsir göstərib. Lakin AAM öz biznesini və əməkdaşlarını qorumaq üçün fəal şəkildə bütün mümkün tədbirləri həyata keçirir. “Anglo Asian Mining”in maliyyə vəziyyəti (25 milyon dollar məbləğində nağd vəsait və borcun olmaması) güclüdür. Eyni zamanda, şirkət Azərbaycandakı tərəfdaş bankları ilə $20 milyona qədər ehtiyat kredit xəttinin yaradılması ilə bağlı danışıqlar aparır", - deyə məlumatda qeyd olunur.
Ehtiyat kredit xəttinin məqsədi əlavə maliyyə çevikliyinin təmin edilməsi və "qlobal iqtisadi qeyri-müəyyənlik dövründə" şirkətin fəaliyyətinin davam etdirilməsidir.
Şirkətin, həmçinin 2020-ci ildə Azərbaycanda 75-80 min unsiya qızıl ekvivalenti həcmində hasilat planları da dəyişməyib.
"Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı mübarizə ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq etməsinə baxmayaraq, "Anglo Asian Mining” fəaliyyətini davam etdirir. “Gədəbəy” və “Qoşa” yataqlarında hasilat əməliyyatları hökumətin məhdudiyyətlərinə daxil edilməyib və adi rejimdə davam etdirilir. Şirkət xaricdən sianid kimi zəruri materiallar ala bilər və yeni yataqların kəşfiyyatı proqramını davam etdirir", - deyə məlumatda vurğulanır.
"Qızıl istehsalı davam etsə də, hazırda şirkət aviareyslərin dayandırılması səbəbindən məhsulları İsveçrədəki emalçılara göndərə bilmir. Buna baxmayaraq, mart ayının əvvəlinə qədər hasil edilmiş qızıl göndərilib və satışdan gəlir əldə edilib. Hazırda şirkət fəal şəkildə digər logistika, qızıl emalı və satışı variantlarını nəzərdən keçirir. “Anglo Asian Mining” mis konsentratını avtomobil nəqliyyatı ilə göndərməyə davam edir", - deyə şirkət qeyd edir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
Xəbər verildiyi kimi, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.*
N.Abbasova