2020-ci ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin profisiti 2 milyard 556,1 milyon manat təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 7 milyard 810,9 milyon manat (ötən ilin analoji dövrü ilə müqayisədə artım 43,6%) təşkil edib ki, bu da proqnoz göstəricisindən 35,9% çoxdur. Gəlirlərin 2 milyard 536,3 milyon manatı (32,5%) qeyri-neft sektorunun payına düşüb.
Beləliklə, I rübdə dövlət büdcəsinin profisiti yanvar-mart ayları üzrə büdcə gəlirlərinin 32,7%-ni təşkil edib.
Gəlirlərin strukturunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 39,9 milyon manat (2019-cu ilin I rübü ilə müqayisədə artım 21,9%), o cümlədən qeyri-neft sektorundan 1 milyard 396,4 milyon manat (qurumun xətti ilə bütün yığımların 68,5%-i) daxil olub.
Hesabat dövründə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991 milyon manat (azalma 2,3%) daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 631 milyon manat vəsait transfert edilib, digər gəlirlər 39,7 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri 109,3 milyon manat təşkil edib.
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 5 milyard 254,8 milyon manat (artım 4,4%) təşkil edib.
Sosial xərclər 2 milyard 519,8 milyon manat və ya hesabat dövründə dövlət büdcəsinin bütün xərclərinin 48%-ni təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə onların həcmi 19,7% artıb.
I rübdə dövlət büdcəsinin xərcləri 3 milyard 919,9 milyon manat (bütün xərclərin 74,6%-i), əsaslı xərclər 930,3 milyon manat (17,7%), dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 404,6 milyon manat (7,7%) təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri üzrə proqnoz 26 milyard 894,7 milyon manat təşkil edir, büdcə kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov