2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana 426,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 17% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana turist axını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17% və ya 426,1 min nəfərədək artıb. Gələnlərin 28,7%-i Rusiya Federasiyası, 28,7%-i Gürcüstan, 11,2%-i Türkiyə, 6,2%-i İran, hər birindən 2,6% olmaqla Səudiyyə Ərəbistanı və Hindistan vətəndaşları olub”, - deyə məlumatda bildirilir.
Turistlərin 67,8%-ni kişilər, 32,2%-ni isə qadınlar təşkil edib.
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7% artaraq 12,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 21,2% artaraq 147,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 17,4% artaraq 62,2 min nəfər olub.
Azərbaycana 2020-ci ilin yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (3,3 dəfə), İsrail (2,3 dəfə), Macarıstan (2 dəfə), Hindistan (1,8 dəfə), Küveyt (1,5 dəfə), Bəhreyn (1,5 dəfə), Belarus (35,5%), Moldova (30,7%), Qazaxıstan (27,7%), Özbəkistan (26,2%), İran (24,9%), Rusiya Federasiyası (21,7%) və Almaniya (20,4%) vətəndaşları arasında qeydə alınıb.
Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64%-i dəmir yolu və avtomobil, 35%-i hava, 1%-i isə dəniz nəqliyyatından istifadə edib.
Yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 12,2% artaraq 820,6 min nəfər olub. Ölkə vətəndaşlarının 38,4%-i İrana, 29,1%-i Gürcüstana, 17,3%-i Rusiya Federasiyasına, 9,9%-i Türkiyəyə səfər edib.
2020-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,1%-i dəmir yolu və avtomobil, 15,2%-i hava, 0,7%-i isə dəniz nəqliyyatından istifadə edib”, – deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov