"Azərbaycan Hava Yolları" QSC (AZAL) İstanbul, Moskva və Londondan 298 nəfər Azərbaycan vətəndaşını Bakıya gətirib.
“AZAL-ın bu gün İstanbuldan yerinə yetirdiyi çarter reysi ilə 106 nəfər Azərbaycan vətəndaşı Bakıya gətirilib. Bundan başqa, bu gün səhər saatlarında AZAL-ın təyyarəsi ilə 69 sərnişin Londondan Bakıya çatdırılıb”, – deyə AZAL-ın mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Dünən axşam isə Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL-ın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.
“Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.
AZAL xatırladır ki, vətəndaşların ölkəyə qayıtması tarixləri xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun müəyyən edilir.*
N.Abbasova