"Holcim Azerbaijan" ASC-nin səhmdarları iyunun 3-də keçiriləcək illik ümumi yığıncaqda 2019-cu il üzrə fəaliyyətin yekunlarını müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
"Yığıncaqda səhmdarlar 2019-cu ilin maliyyə nəticələrinə dair hesabatı və ötən maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsini təsdiq edəcək, Müşahidə Şurası və Təftiş Komissiyasına üzvləri təyin edəcəklər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, yığıncaqda şirkətin nizamnaməsinə əlavə və dəyişikliklərin, "Holcim Azerbaijan" ASC ilə "Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin, "Holcim Azerbaijan" və "Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi planlaşdırılır.
Səhmdarlar tərəfindən, həmçinin "Holcim Azerbaijan” ASC və "Holcim Auslandbeteiligungs GMBH” arasında borc müqavilələrinin təsdiq edilməsi və bu müqavilələrdə kreditor "Holcim Auslandbeteiligungs GMBH”nin "LHIF” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verilməsi nəzərdə tutulur.
“Holcim Azerbaijan” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçılarından biridir. Müəssisənin əsas səhmdarı "LafargeHolcim”dir (66%).*
N.Abbasova