Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız qarşılıqlı güzəştlər əsasında sülh yolu ilə mümkündür. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko belə hesab edir.
"Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmaması ilə bağlı tərəflərin narahatlığını bölüşürük. Rusiya münasibətlərimizin dərin tarixi köklərə malik olduğu Azərbaycan və erməni xalqlarının taleyinə heç də biganə deyil. Biz insanların həlak olmamasında, qonşu regiona sülh və sabitliyin qayıtmasında maraqlıyıq", - deyə Rudenko "Moskva-Bakı" informasiya portalına müsahibəsində bildirib.
Müsahibənin mətni Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Rudenkonun sözlərinə görə, münaqişənin həllinə yalnız dinc diplomatik vasitələrlə nail olunmalıdır.
"Siyasi iradə nümayiş etdirmək, maksimalist yanaşmalara əsaslanan çıxılmaz yoldan imtina etmək və münaqişənin həllinin birtərəfli güzəştlər deyil, ikitərəfli hərəkət yolu olduğunu əsas tutaraq razılığa gəlmək lazımdır. Kompromis axtarışına yönəlmiş real addımlar əhalinin sülhə hazırlanması istiqamətində daha səmərəli tədbirlər ola bilər", - deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin həlli üçün lazımi vasitəçilik yardımı göstərəcək.
Rudenko, həmçinin Rusiya-Azərbaycan ikitərəfli münasibətlərini də şərh edib. "Biz Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəm təməlini yaratmağa müvəffəq olmuşuq ki, bu da qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək edir. Moskva ilə Bakı arasında münasibətlər suveren bərabərlik, daxili işlərə qarışmama, bir-birinin maraqlarına həqiqi hörmət, dostluq və mehriban qonşuluq ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi prinsiplərinə əsaslanır. Bu gün Rusiya və Azərbaycan siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə sıx və fəal əməkdaşlıq edir", - deyə o vurğulayıb.
Xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. "2019-cu ildə ikitərəfli ticarət dövriyyəsi $3,2 milyard təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 27,4% çoxdur. Azərbaycanda 950 birgə şirkət fəaliyyət göstərir. Rusiyanın Azərbaycana investisiyaları $4,5 milyard, Azərbaycanın Rusiyaya investisiyaları $1,5 milyard təşkil edib. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına yönəlmiş və 2024-cü ilə qədər olan dövrü əhatə edən Fəaliyyət Planı səmərəli şəkildə həyata keçirilir. İnnovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında yeni (altıncı) "yol xəritəsi" hazırlanmaqdadır", - deyə o bildirib.
Rudenko əlavə edib ki, Rusiya və Azərbaycan mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığa xüsusi diqqət yetirir.
"Ötən il Azərbaycanda keçirilmiş Rusiya Mədəniyyəti Günləri publikanın böyük marağına səbəb olub. Cari ildə Rusiyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. 12-14 noyabr 2020-ci il tarixlərində keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycan nümayəndə heyətinin iştirakı gözlənilir", - deyə nazir müavini vurğulayıb.*
A.Əzizov