OPEC+ ölkələri nazirlərinin aprelin 6-da keçirilməsi nəzərdə tutulmuş görüşü aprelin 9-na təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.
“Görüş aprelin 9-da keçiriləcək”, - deyə Z.Əliyeva görüşün vaxtının aprelin 6-dan 8-nə ya 9-na keçirilməsi mümkünlüyü barədə “Reuters” agentliyinin yaydığı məlumatla bağlı “İnterfaks-Azərbaycan” agentliyinin sorğusuna cavab olaraq bildirib.
“Reuters” agentliyi təşkilatdakı mənbələrə istinadən xəbər vermişdi ki, OPEC+ ölkələrinin aprelin 6-na təyin edilmiş təcili görüşü təxirə salınıb. İclas aprelin 8-i və ya 9-da keçirilə bilər. Bu, hasilatın azaldılması ilə bağlı danışıqlar üçün əlavə vaxt olacaq.
Daha əvvəl Z.Əliyeva bildirmişdi ki, Azərbaycan apelin 6-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılacaq.
“Görüşün məqsədi neft bazarının sabitləşdirilməsidir. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur”, - deyə o qeyd edib.
Müşavirin sözlərinə görə, bu görüş ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.
Xəbər verildiyi kimi, gündəlik neft hasilatının 1,7 milyon barrelədək azaldılmasına dair 6 dekabr 2019-cu il tarixli sazişin müddəti 2020-ci il martın 31-də bitib. OPEC+ ölkələrinin nazirlərinin martın 6-da keçirilən iclasının yekunları üzrə gələcək sövdələşmənin parametrləri ilə bağlı razılığa gəlinməyib. Bir gün əvvəl isə OPEC iclasdan sonra gündəlik neft hasilatının yalnız ikinci rüb üçün 1,5 milyon barrel azaldılmasını və mövcud sazişin (hasilatın 1,7 milyon barrel azaldılması ilə bağlı) müddətinin uzadılmasını tövsiyə edib. Bundan başqa, Səudiyyə Ərəbistanı neft hasilatının birgə azaldılmasını ehtiva edən OPEC+ sazişi üzrə əsas tərəfdaşı olan Rusiya ilə konsensusa nail olmayaraq OPEC ölkələri ilə neft hasilatının bütün 2020-ci il üçün daha 1,5 milyon barrel azaldılmasını razılaşdıraraq dərəcələri iki dəfə artırıb.
Z.Əliyeva bildirmişdi ki, Azərbaycan gündəlik neft hasilatının 2020-ci ilin sonunadək əlavə 1,5 milyon barrel azaldılmasını nəzərdə tutan sövdələşmənin müddətinin uzadılmasına tərəfdar olub.
OPEC-in növbəti iclası iyun ayında keçirilməli idi.*
N.Abbasova