Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti $3,9 bahalaşaraq $24,14 təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.
“Bazar ertəsi “Azeri LT CIF" markalı neftin bir barrelinin qiyməti ötən gün $3,9 və ya 19,26% bahalaşaraq $24,14 təşkil edib", - mənbə qeyd edir.
Xəbər verildiyi kimi, 2020-ci il aprelin 1-də Azərbaycan neftinin bir barrelinin qiyməti 19 il bundan əvvəlki antirekordu yeniləyərək $16,53-dək ucuzlaşıb.
Əvvəl məlumat verilib ki, digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir barreli “Brent” markalı neftdən $2,25 baha idi. Lakin son zamanlar "Azeri Light" markalı neft “Brent” markasından ucuz qiymətə satılır.
SOCAR-dan "Azeri Light" markalı neftin “Brent”lə müqayisədə aşağı dəyərini Aralıq dənizi bazarında qara qızıla tələbin azalması ilə izah edirlər.
Öncə “Azeri LT CIF" markalı neftin bir barrelinin ən aşağı qiyməti 2001-ci ilin dekabr ayında ($19,15), ən yüksək qiyməti – 2008-ci ilin iyul ayında qeydə alınıb - $149,66.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.**
N.Abbasova