Energetika Nazirliyi bərpaolunan enerji mənbələri sahəsində müqavilələrin hazırlanması məqsədilə “White&Case” beynəlxalq hüquq firmasını cəlb etməyi planlaşdırır.
“Hələlik “White&Case” ilə müvafiq müqavilə imzalanmayıb, lakin bu istiqamətdə iş aparılır. Bu şirkət bərpaolunan enerji mənbələri sahəsində müqavilələrin hazırlanması üçün məsləhətçi olacaq”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
Eyni zamanda, Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “White&Case” şirkəti tərəfindən elektrik enerjisinin satınalınması müqaviləsi, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsi, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsi və tələb olunan digər müqavilələrin ilkin layihələri hazırlanıb.
“Bu layihələr “White & Case” şirkətinin nümayəndələri ilə baş tutacaq görüşlərdən əvvəl müzakirələrin aparılması, sənədlərlə bağlı müvafiq rəylərin formalaşdırılması, konseptual məsələlər üzrə mövqe bildirilməsi məqsədilə aidiyyəti İşçi qruplara təqdim olunub. İqtisadi-maliyyə-kommersiya və texniki məsələlər üzrə müzakirələrin aparılması məqsədilə “White & Case” şirkətinin cari ilin ikinci rübündə Bakıya səfəri planlaşdırılır”, - nazirlikdən bildirilir. .
Hazırda Azərbaycanın enerji sisteminin ümumi gücü 7,144 min MVt təşkil edir, bunun 17%-i bərpaolunan enerji mənbələri sahəsinin payına düşür. Azərbaycanda elektrik enerjisinin faktiki istehsalında iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla bərpaolunan enerji mənbələri sahəsinin payı 8,2% təşkil edir.
Energetika Nazirliyi qarşısında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması vəzifəsi durur.
Nazirlik tərəfindən bərpaolunan enerji mənbələri sahəsində obyektlərin tikintisi üçün ölkə ərazisində 8 sdahə seçilib. Onlardan 3 sahədə ACWA Power və Masdar şirkətləri tərəfindən külək və günəş elektrik stansiyaları inşa olunacaq (qeyd olunan iki layihəyə ümumi sərmayələrin həcmi $400 milyonu ötəcək - İF). Tikinti işılərinə 2020-ci ilin sentyabr ayında başlanacaq. **
N.Abbasova