Hazırda Azərbaycanda tibbi maskalara gündəlik tələbat 220-250 min ədəd təşkil edir. Bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva deyib.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev aprelin 6-da Sumqayıt şəhərində “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib.
“Bu həftə hər gün 80 min ədəd maska istehsal ediləcək, gələn həftə isə gündəlik istehsal 120 min ədədə çatdırılacaq”, - deyə S.Babayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, avadanlıqlar Türkiyədən alınıb.
“Yaxın günlərdə ikinci istehsal xətti qurulacaq və bu, tibbi maskaların istehsal həcmini gündəlik 200-220 min ədədə çatdırmağa imkan verəcək. Bundan başqa, 2020-ci ilin sonunadək xammal tədarükü haqqında lazımi müqavilələr bağlanıb”, - deyə S.Babayeva vurğulayıb.
O əlavə edib ki, müəssisənin yaradılmasına 3,9 milyon manat ($2,3 milyon) investisiya qoyulub, bunun 1,2 milyon manatını Sahibkarlığa İnkişaf Fondunun güzəştli krediti təşkil edir.*
B.Rüstəmbəyov