Azərbaycan OPEC+ ölkələri nazirlərinin aprelin 9-da keçiriləcək görüşünün müsbət nəticələr verəcəyinə ümid edir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
"Bu görüş həm neft hasil edən ölkələr, həm də bütövlükdə, dünya iqtisadiyyatı üçün bir növ fürsətdir. Ümid edirik ki, hər bir görüş iştirakçısı problemin həllinə öz töhfəsini verəcək və neft bazarının sabitləşməsinə yönəlmiş vahid mövqe nümayiş etdiriləcək", - deyə Z.Əliyeva qeyd edib.
O xatırladıb ki, Azərbaycan OPEC+ ölkələrinin nazirlərinin videokonfrans formatında keçiriləcək görüşündə iştirak edəcək.
"Azərbaycanın mövqeyi məlumdur, bu mövqe ötən həftə açıqlanıb və ondan ibarətdir ki, ölkəmiz indiyə kimi OPEC+ formatının yaradılması və qərarlarının icrasında mühüm rol oynamış ölkə kimi neft bazarının tənzimlənməsi prosesinə bundan sonra da dəstək verməyə hazırdır”, - deyə müşavir vurğulayıb.
Daha əvvəl Z.Əliyeva bildirmişdi ki, Azərbaycan nazirlərin görüşünə qatılaraq OPEC+ çərçivəsində yeni öhdəliklər götürməyə hazırdır.*
N.Abbasova