Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin liderləri yaxın zamanda onlayn rejimində COVİD-19 koronavirusun yayılmasının qarşısının alınmasına dair birgə tədbirləri müzakirə edəcəklər. Bu barədə Özbəkistanın xarici işlər nazirinin müavini İlhom Nematov çərşənbə günü məlumat verib.
“Bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin başçılarının pandemiya mövzusunda videokonfransı gözlənilir”, - Nematov onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, sammit iştirakçıları koronavirusun yayılmasının qarşısının alınmasına dair birgə tədbirəri müzakirə edəcəklər.
Türk Şurasına Azərbaycan, Qazaxıstan, Gırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan müşahidəçi rolunda iştirak edir. **