Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti zəmanətin verilməsi üçün istifadə ediləcək. Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydasında dəyişikliklərdə belə qeyd olunur.
Dəyişikliklərə əsasən, təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanır. Həmçinin, mikrokreditlərin qeyri-işlək hissəsi (qeyri-işlək kredit) dedikdə, kredit üzrə əsas borc ödənişlərinin müqavilədə göstərilən tarixdən 90 gündən artıq gecikdirilmiş hissəsi (məbləği) başa düşülür.
Bundan başqa, mikro və kiçik aqrar kreditlərin məbləğləri dəyişdirilib. İndi 15 min manatdək məbləğlər mikrokreditlər, 15,001 mindən 30 min manatdək məbləğlər – kiçik kreditlər hresab ediləcək. Öncə 5 min manatdək məbləğlər mikrokreditlər, 5,001 mindən 30 min manatadək məbləğlər – kiçik kreditlər hesab edilirdi.
Dəyişikliklərə əsasən, Agentliyin verdiyi mikrokreditlərin maksimal müddəti 2 ildən 3 ilə qədər artırılıb.
Agentlik vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2%, təminatla verilən mikrokreditlər üçün illik 2,5% tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12%-dən, digər güzəştli kreditlər üçün isə 7%-dən artıq olmamalıdır.
O cümlədən, dəyişikliklər aqrokreditlər üzrə zəmanət və təminatın hesablanması mexanizmlərini müəyyən edir. **
Ə.Məmmədov