“AtaSığorta” şirkətinin səhmdarları mayın 27-də keçiriləcək illik ümumi yığıncaqda şirkətin 2019-cu ildəki fəaliyyətinin yekunlarını müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Səhmdarlar İdarə Heyətinin və Direktorlar Şurasının 2019-cu il üzrə fəaliyyətin yekunlarına dair hesabatlarını dinləyəcək, şirkətin ötənilki fəaliyyəti ilə bağlı auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatını təsdiq edəcəklər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2019-cu ilin yekunları üzrə əldə edilmiş mənfəətin bölüşdürülməsi məsələsi də həll olunacaq.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb. “AtaHoldinq” şirkətin yeganə səhmdarıdır. Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biri olan “AtaSığorta”nın nizamnamə kapitalı 14,6 milyon manatdır.
2019-cu ildə şirkətin sığorta haqları 18 milyon 47,691 min manat, ödənişləri 14 milyon 627,784 min manat, xalis mənfəəti 663,215 min manat təşkil edib.*
A.Əzizov