Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının aprelin 10-da videokonfrans formatında keçiriləcək növbədənkənar Zirvə görüşündə iştirak edəcəyini təsdiqləyib. Bu barədə dövlət başçısının mətbuat katibi Berik Kurmanqali məlumat verib.
Tədbir "COVİD-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq və həmrəylik" mövzusuna həsr olunacaq. Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək”, - deyə B.Kurmanqali bu gün Facebook səhifəsində yazıb.
"Videokonfrans iştirakçıları koronavirus epidemiyası ilə mübarizə, səhiyyə sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı və COVİD-19 epidemiyasının regionda yaratdığı ümumi problemlərin həlli üçün milli səviyyədə görülən tədbirlər barədə fikir mübadiləsi aparacaqlar", - deyə o bildirib.
"Dövlət başçıları, həmçinin koronavirusun milli və dünya iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması yollarını müzakirə edəcək, böhran və postpandemiya dövründə iqtisadi-ticarət münasibətlərinin davam etdirilməsi və maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi üçün birgə səylərə və ümumi tədbirlərə toxunacaqlar", - deyə mətbuat katibi qeyd edib.
Sammitin sonunda Birgə Bəyannamənin qəbul edilməsi gözlənilir.*