Neft hasilatının gündəlik ən azı 10 milyon barrel azalması neft bazarında disbalansı aradan qaldıra və qiymətləri stabilləşdirməyə yardım edə bilər. “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Zaur Qəhrəmanov belə hesab edir.
“COVİD-19-un təsiri nəzərə alınarsa, hazırda neft hasilatının gündəlik yalnız 10 milyon barrel azalması kifayət olmaya bilər. Bəzi ekspertlərin proqnozlarına görə, neftə tələbat gündəlik 30 milyon barrelədək azala bilər. Lakin, neft hasilatının gündəlik ən azı 10 milyon barrel azalması bazarda disbalansı aradan qaldıra və qiymətləri stabilləşdirməyə yardım edə bilər”, - Qəhrəmanov Türkiyənin Anadolu agentliyinə müsahibısində bildirib.
Onun sözlərinə görə, “neftin bir barrel qiymətinin $45-55 civarında olması ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya, həmçinin digər neft hasil edən ölkələr üçün ideal səviyyə hesab oluna bilər”.
“Əgər qiymət bu səviyyəyə çatarsa, bu ənənəvi üsulla neft hasil edən bütün ölkələr üçün düzgün qiymət ola bilər. Amerikada hasil olunan şist neftin qiyməti üçün xərclər isə bir barrel üçün $30-35 təşkil edir. Onlar da xərcləri optimallaşdırmağa məcbur olublar. Bu səbəbdən bir barrel üçün $45-55 səviyyəsində dəhliz bütün tərəflər üçün ideal olacaq”, - Qəhrəmanov belə hesab edir. **
N.Abbasova