SOCAR və Böyük Britaniyanın BP şirkətləri İzmir şəhərinin Əliağa bölgəsində “Merkuri” neft-kimya kompleksinin inşası layihəsi üzrə yekun investisiya qərarının qəbulunu 2021-ci ilin sonunadək təxirə salıblar. Bunu “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın Türkiyədəki törəməsi) baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.
“Türkiyədə investisiya yatırımları təqvinimizdə müəyyən gecikmələr oldu. Neftin bir barrel qiymətinin $20-30 civarında olması həm bizə, həm də tərəfdaşlarımıza təsir etdi. Bununla əlaqədar, 2020-ci ilin sonuna planlaşdırılan “Merkuri” layihəsi üzrə yekun investisiya qərarının qəbulu gələn ilin dördüncü rübünə təxirə salınıb”, - Qəhrəmanov Türkiyənin Anadolu agentliyinə müsahibısində bildirib.
Xəbər verildiyi kimi, kompleksin həmçinin cari il ərzində inşasına başlamaq planlaşdırılırdı. Müəssisənin 2023-2025-ci illərdə işə salınması nəzərdə tutulurdu.
Yeni kompleks “Petkim” neft-kimya kompleksi və “STAR” emalı zavodunun yanında tikiləcək. Layihə $1,8 mlrd. dəyərində qiymətləndirilir. Layihədə tərəflərin payı 50/50-dir.
SOCAR və BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıb.
Layihə Əliağa rayonunda illik 1,25 mln. ton saf tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsal edən müəssisənin tikintisini nəzərdə tutur.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirmiş şirkət, həmçinin daxili bazara qaz tədarük edir.**
N.Abbasova