Azərbaycan Respublikasının baş naziri Əli Əsədov şənbə günü Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin xərclənməsinə nəzarət üçün İctimai Nəzarət Şurasının yaradılması haqqında sərəncam imzalayıb.
Şura yeddi nəfərdən ibarətdir. Şuraya Fərhad Bədəlbəyli, Ziyad Səmədzadə, Maliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin nümayəndələri daxildir.
Nazirlər Kabinetinin qərarına əsasən, Şura Fondun vəsaitinin istifadəsi barədə ayda iki dəfə hesabat dərc etməlidir.
Xəbər verildiyi kimi, prezident İ.Əliyev martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını nəzərdə tutan fərman imzalayıb.
Fondun vəsaitinin formalaşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 20 milyon manat ayrılır.
Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Şərtlərə görə, fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.
Fondun vəsaitindən koronavirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur: tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə; tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına); xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına; nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə; tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; tibb sahəsində mütəxəssislərin hazırlanmasına; təbliğat və maarifləndirmə işlərinə; koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.
Bundan başqa, martın 21-də prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Hazırda Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülmüş ianələrin həcmi təxminən 110 milyon manat və ya 65 milyon dollardır. **
B.Rüstəmbəyov