“OPEC+” formatından kənar ölkələrin də dəstəklədiyi “OPEC+” razılaşması mayın 1-dən etibarən dünya neft bazarına gündəlik 20 milyon barel az neftin daxil olmasına imkan verəcək. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“OPEC+ ölkələri aprelin 12-də keçirilmiş videokonfransın yekunları üzrə gündəlik hasilatın 9,7 milyon barel həcmində azaldılması ilə bağlı razılığa gəlib. Bundan başqa, ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçıları OPEC+ ölkələri ilə həmrəylik nümayiş etdirərək gündəlik neft istehsalını könüllü şəkildə 4-5 milyon barel həcmində azaltmağı planlaşdırır. İran, Venesuela və Liviyada gündəlik xam neft hasilatının 2,8 milyon barel azalacağını da nəzərə alsaq, “OPEC+” ilə başlayan və digər ölkələrlə dəstəklənən təşəbbüs çərçivəsində mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 milyon barel az neft daxil olacaq”, - deyə o bildirib.
Müşavirin fikrincə, bu, koronavirus pandemiyasının neftə qlobal tələbatı kəskin zəiflətdiyi bir vəziyyətdə neft bazarına və neftin qiymət sabitliyinə çox böyük bir töhfədir.
“Azərbaycan üzərinə götürdüyü öhdəlikləri may ayından etibarən yerinə yetirməklə neft bazarının balanslaşdırılması prosesinə töhfəsini davam etdirəcək", - deyə Z.Əliyeva vurğulayıb.
O qeyd edib ki, “Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş son düzəlişə əsasən “OPEC+” ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 milyon barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barel həcmində qərarlaşır.
Z.Əliyeva, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 milyon barel həcmində neft istehsal edilməyəcək.*
N.Abbasova