2020-ci ilin əvvəlinə Azərbaycanda aqroparkların yaradılması üçün güzəştli kreditlərin həcmi 196 milyon manata ($115,3 milyon) çatıb. Bu barədə hökumətin 2019-cu ilə dair hesabatında deyilir.
İndiyədək ümumi dəyəri 780 milyon manat ($458,2 milyon) olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat güzəştli kredit ayrılıb.
Bundan başqa, 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədləri verilib.
Hesabatda qeyd olunur ki, hazırda Azərbaycanda 33 aqropark və iri fermer təsərrüfatı fəaliyyət göstərir, daha 18 aqropark və iri fermer təsərrüfatında isə layihələndirmə və tikinti-quraşdırma işləri həyata keçirilir.
Xəbər verildiyi kimi, respublikada ümumi sahəsi təxminən 200 min ha olan 51 aqroparkın yaradılması planlaşdırılır və bu məqsədlər üçün investisiya qoyuluşları 2,4 milyard manat məbləğində qiymətləndirilir.
Sözügedən layihələrin həyata keçirilməsi 4 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək.*
B.Rüstəmbəyov