İqtisadiyyat Nazirliyi koronavirus pandemiyası şəraitində vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə işi başa çatdırıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb. Həmkar strukturların vizalarının razılaşdırılması prosesi həyata keçirilir. Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir”, - Cabbarov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.
“Mən xüsusilə qeyd etmək istəyirəm ki, biz bank sektoru ilə birgə müəyyən olunmuş çərçivədə bu işi həyata keçiririk və məhsuldar iş gedir. Həmçinin yeni iqtisadi şəraitdə, tədbirlər planında müəyyən edilmiş iqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb”, - nazir bildriib.
O, həmçinin qeyd edib ki, iqtisadi artımın bərpasına yönələn layihələr təhlil edilir.
Həmçinin Cabbarov dövlət başçısına məlumat verib ki, 2020-ci ilin yanvar-mart aylarının yekunları üzrə qeyri-neft sənayesində artım 23%, dağ-mədən sənayesində 12%, kənd təsərrüfatı sahəsində 3,7% olub, yük daşımaları 7,2% artıb.
“Eyni zamanda, azalan sahələr arasında turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintini qeyd etmək lazımdır”, - nazir bildirib.
Həmçinin, Cabbarov qeyd edib ki, yanvar-mart aylarında kənd təsərrüfatı məhsulları və ərzaq ixracı4%, qızıl ixracı 17% və kimya sənayesi məhsulları 14% artıb.
“Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5% azalıb. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalıb”, - o əlavə edib. **
B.Rüstəmbəyov