2020-ci ilin yanvar-mart aylarında Azərbaycana $169 milyon 634,06 min dəyərində 15,492 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə idxal 1,9 dəfə artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $140 milyon 384,77 min dəyərində 14,417 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə minik avtomobillərinin idxalı 2 dəfə artıb.
Cari ilin yanvar-mart aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş $15 milyon 75,4 min dəyərində 972 ədəd motorlu nəqliyyat vasitəsi (artım 1,5 dəfə) və $6 milyon 773,93 min dəyərində 37 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 9,8%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $7 milyon 399,96 min dəyərində 66 ədəd (artım 1,5 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.*
B.Rüstəmbəyov