Prezident İlham Əliyev Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiya yaradıb.
Komissiya ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılır.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, komissiyanın sədri baş nazirin müavini Şahin Mustafayevdir.
Komissiyanın üzvləri ekologiya və təbii sərvətlər, iqtisadiyyat, kənd təsərrüfatı və maliyyə nazirləri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri, “Azərsu” ASC-nin sədri, “Azərenerji” ASC-nin prezidenti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisidir.
Komissiyaya su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti təhlil etmək, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni təmin etmək tapşırılıb. Komissiya verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının, elmi müəssisələrin, ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etməlidir.
Komissiya görülən işlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etməlidir.
Müvafiq sərəncam bu gün imzalanıb və dövlət başçısının saytında dərc olunub.
Xatırladaq ki, prezident İ.Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə bildirib ki, quraqlıq kənd təsərrüfatında çox ciddi məsələdir və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir, bununla əlaqədar xüsusi komissiya yaradılmalıdır. Komissiyaya baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edəcək.
“Ş.Mustafayev iqtisadiyyat naziri işlədiyi dövrdə bu məsələ ilə fəal məşğul olub və mənə müntəzəm olaraq məruzələr edib.Komissiyada aidiyyəti qurumların rəhbərləri - kənd təsərüfatı naziri, iqtisadiyyat naziri, ekologiya və təbii sərvətlər naziri, "Meliorasiya və Su Təsərrüfatı" SC-nin, "Azərsu" SC-nin rəhbərləri və digər aidiyyəti qurumların rəhbərləri təmsil olunmalıdırlar ki, konkret tədbirlər planı hazırlansın”, - deyə o qeyd edib.*
X.Nəsirzadə