2020-ci il aprelin 1-nə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 505 milyon ton neft hasil olunub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“1 aprel tarixinə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 505 milyon ton neft və 168,4 milyard kubmetr qaz hasil olunub. 2020-ci ilin I rübündə AÇG-dən 6,4 milyon ton neft (azalma 7,2%) və 3,5 milyard kubmetr qaz (artım 9,4%) hasil olunub”, - deyə məlumatda bildirilir.
2020-ci ilin I rübündə respublika üzrə 9,3 milyon tondan artıq neft hasil edilib, ixraca nəql olunan neftin həcmi isə 7,6 milyon ton təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları BP (Britaniya - 30,37%), SOCAR (25%), “Chevron” (Amerika - 9,57%), “ExxonMobil” (Amerika - 6,79%), ONGC (Hindistan - 2,31%), “Inpex Corp.” (Yaponiya - 9,31%), “ITOCHU Oil” (Yaponiya - 3,65%), “Equinor” (Norveç - 7,27%) və TPAO (Türkiyə - 5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir.*
N.Abbasova