2006-2020-ci illərdə “Şahdəniz” yatağından 121,5 milyard kubmetr qaz hasil edilib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Şahdəniz” yatağı istismara veriləndən (2006-cı ilin dekabr ayından) 1 aprel tarixinədək 121,5 milyard kubmetr qaz və 29 milyon ton kondensat hasil edilib. Cari ilin I rübündə bu yataqdan 4,7 milyard kubmetr qaz (artım 9,3%) və 0,952 milyon ton kondensat əldə edilib", - deyə məlumatda bildirilir.
I rübdə “Şahdəniz” yatağından Türkiyəyə 2,6 milyard kubmetr qaz ixrac edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 23% çoxdur.
“Bu günədək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 527 milyon ton neft (kondensatla birlikdə) və 80,3 milyard kubmetr qaz ixrac edilib”, - deyə məlumatda qeyd olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova