Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $53 milyon satıb.
“Hərracda tələb $53 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb və cümə axşamı səhərə olan məzənnə ilə müqayisədə dəyişməyib”, - AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Mart ayında neftin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb kəskin şəkildə artıb, lakin martın 29-dan etibarən tələb tədricən azalmağa başlayıb. Aprelin 14-də keçirilmiş hərracda banklara $56,5 milyon məbləğində xarici valyuta satılıb.
Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $2 milyard 771,9 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 78,6% - İF), mart ayında $1 milyard 928,3 milyon məbləğində xarici valyuta satılıb.
ARDNF bildirib ki, bu il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.**
A.Əzizov