2020-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 9,2 milyard manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 4,8 milyard manat (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə artım 2,9%), qeyri-ərzaq mallarının alınmasına 4,4 milyard manat (artım 0,5%) sərf olunub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 46,9%-i ərzaq məhsullarının, 5,5%-i içki və tütün məmulatlarının, 16,7%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,2%-i avtomobil yanacağının, 1,6%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə istehlak mallarının 23,7%-i ticarət müəssisələri, 47,8%-i fərdi sahibkarlar, 28,5%-i bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə real ifadədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üçün 28,5% artıb, fərdi sahibkarlar üçün 1,1%, bazar və yarmarkalarda 1,1% azalıb.
Cari ilin yanvar-mart aylarında ticarət şəbəkəsində bir ölkə sakini 162,1 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
X.Nəsirzadə