Cümə axşamı səhər saatlarında Masallı rayonunda fərdi yaşayış evində partlayış baş verib, 5 nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğundan məlumat verilir.
“Aprelin 16-da saat 07:00 radələrində Masallı rayonunun Təzə Alvadı kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış baş verib. Dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölmələri tərəfindən operativ surətdə həyata keçirilmiş tədbirlərlə ikisi azyaşlı olmaqla 3 nəfər dağıntılar altından çıxarılaraq, ümumilikdə xəsarət almış 5 nəfərBakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib”, - məlumatda qeyd olunur.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. **
X.Nəsirzadə