2020-ci il birinci rübün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)aktivləri $41 milyard 349,5 milyon təşkil edib. Bu barədə ARDNF-nin mətbuat xidmətindən məlumat verilir.
Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə ARDNF-nin aktivləri $43 milyard 323,3 milyon təşkil edib. Beləliklə, 2020-ci ilin birinci rübü ərzində aktivlər 4,6% azalıb.
ARDNF-nin məlumatında aktivlərin azalması dövlət büdcəsinə transfertlərin yüksək həcmi və Fondun investisiyalarının bazar dəyərində qeydə alınan qısamüddətli dəyişikliklərlə izah olunur.
“2020-ci ilin yanvar-mart aylarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrasını təmin edib.2020-ci ilin yanvar-mart aylarında valyuta bazatrında xarici valyutaya artan tələbatın təminatı məqsədilə ARDNF $2 milyard 771,8 milyon həcmində xarici valyuta satıb, bu əməliyyatlar hesabına 4 milyard 712,1 milyon manat gəlir əldə edib”, - məlumatda qeyd olunur.
Məlumata görə, 2020-ci ilin birinci rübündə valyuta satışından ARDNF-nin dövlət büdcəsinə transfertləri ilkin planı 1 milyard 793,5 milyon manat ötərək 4 milyard 631 milyon manat təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.**
N.Abbasova